Azerbaijan English

Qrant alan startaplar hazırda nə edir?-Araşdırma

Son dövrlər ölkəmizdə startap ekosistemin formalaşması istiqamətində müəyyən addımlar atılıb. 2012-ci ildən başlayaraq bu sahədə bir sıra uğurlar da əldə edilib. Aparılan maarifçilik işlərindən sonra bu sahəyə maraq artıb, yeni milli startapların formalaşması davam edir, innovasiya mərkəzləri yaradılır və müxtəlif müsabiqələr təşkil olunur.

Startap ekosistemin formalaşmasında mühüm elementlərdən biri də investisiya mühitinin inkişafıdır. Hələlik ölkəmizdə fərdi investorların, biznes angellər-in yetərli olmadığı bir zamanda təbbi ki, startaplara dövlət dəstəyinin təşkili xüsusi əhəmiyyət kəsb edir.

Məlum olduğu kimi, Azərbaycanda startaplara, innovativ layihələrə dəstək verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu fəaliyyət göstərir.

Belə ki, Fond hər il İT layihələr üçün qrant müsabiqəsi elan edir . Bu günə qədər Fond 4 müsabiqə elan edib.

Fondun elan etdiyi 1-ci qrant müsabiqəsində qalib olan 25, 2-ci qrant yarışmasında 23,  3-də 13, 4-cü qrantda isə 29 layihəyə vəsait ayrılıb.

Qeyd edək ki, Fondun layihələrin hər birinə ayırdığı maliyyə əsasən 10 - 20  min AZN ətrafında olub.

Bu vəsaitlər əsasən layihələrin ilkin inkişafında dəstək məqsədi daşıyır və gələcəkdə layihələrin investisiya əldə etmələri üçün daha uğurlu start vəziyyətinin formalaşmasına köməklik edir.

Xeberler.az olaraq daim layihələrin fəaliyyəti ilə bağlı maraqlanır, oxuculara məlumatlar təqdim edirik.

Yaxın vaxtlarda Fondun növbəti qrant müsabiqəsini elan edəcəyi gözlənilir.

Bəzən belə iddialarla qarşılaşırıq ki, Fondun ayırdığı maliyyə startapların növbəti inkişafına təkan vermək üçün yetərli deyil. Qeyd edilir ki, layihələr bu vəsaitlə işlərinin çox az hissəsini həyata keçirə bilir.

Xeberler.az olaraq bunları nəzərə alaraq Fonddan qrant almış startapların hazırdakı fəaliyyəti, investisiya əldə etməsi və mövcud problemləri ilə bağlı ətraflı söhbət edir, silsilə yazılar təqdim edirik.

Ötən dəfə “Qrant alan startaplar: Kim harada, nə edir” adlı məqalədə bir neçə layihə barədə məlumatlar təqdim etmişik.

Görəsən, İT-nin İnkişafına Dövlət Fondunun ayırdığı maliyyə onların sonrakı mərhələ inkişafına yardım edə bilibmi?. Bu dəstək onlara hansı yeni imkanlar açıb?

Bu dəfə də qrant almış növbəti startaplar haqda məlumatları təqdim edirik:

Fondun 1-ci qrant müsabiqəsində qalib gələn layihələrdən biri də  HiPassenger startapıdır.

HiPassenger şəbəkəsinin əsas funksiyası səyahət və turizm təşkil edir. Hipassenger adlanan  sosial şəbəkəsi vasitəsilə səyahət həvəskarlarına səyahət edən zaman yeni yol yoldaşı tapmaq imkanı verir. Bunun üçün yalnız Hipassenger proqramını yükləmək və planlaşdırdığınız səfərin tarixini qeyd etmək lazımdır.

Sadəcə gedəcəyiniz tarixi və yeri paylaşmaqla sizinlə eyni vaxtda eyni yerə səyahət edən insanlarla əlaqə qura biləcəksiniz. Hipassenger proqramını yaratmaqda əsas məqsəd təyyarə, avtobus, qatar və gəmi səfərlərində sizə sizinlə eyni yerə səyahət insanları tanımaq imkanı verməkdir.

Eyni zamanda  Hipassenger ən sərfəli sövdələşməni tapmağa imkan verən internet və mobil rabitə sistemlərinə əsaslanan yeni  platformadır.

Layihəyə ayrılan məbləğ: 20 min AZN

Layihə rəhbəri: Urxan Seyidov

Layihə rəhbəri Urxan Seyidov Xeberler.az-a bildirib ki, bu gün Azərbaycan və xarici ölkələr də daxil olmaqla Hipassenger-in 1000 -ə yaxın istifadəçisi var.

Onun sözlərinə görə, layihənin texniki dəstəyi Böyük Britaniyanin İconic Mobile şirkəti tərəfindən həyata keçirilir.

Belə ki, sistemin mobil tətbiqlərinin hazırlanmasına, dizaynın təşkil edilməsinə İconic Mobile şirtkəti yardım edib.

Azərbaycanda isə layihənin direktoru Ayaz Əfəndiyevdir.

Urxan Seyidov qeyd edib ki, hazırda layihənin yeni versiyası üzərində işləyirlər.

“Yeni versiya üzərində çalışırıq. Bunun üçün də  investor axtarırıq. Hələ ki, layihəmizə investor tapa bilməmişik. Hazırda bu istiqamətdə  iki yerli kampaniya ilə danışıqlar aparırıq”.

Urxan Seyidov layihənin gəlirləri məsələsindən də danışıb. Qeyd edib ki, Fond tərəfindən ayrılan maliyyə ilə layihənin demək ola ki, bütün ehtiyaclarını ödəyə biliblər:

“Hazırda layihədən gəlir əldə etmirik. İnvestor tapdıqdan sonra artıq layihəmizin monetize (reklam və piyarını təşkil etməklə  gəlir əldə etmək)  fəaliyyətinə başlayacağıq”.

Onun sözlərinə görə, hazırda investor məsələsinə problemləri olduğu üçün layihədə elə də ciddi irəliləyişlər yoxdur.

Qeyd edək ki, layihənin saytı hazırda fəaliyyət göstərmir.

Socset də 1-ci qrant müsabiqəsində qalib gələn layihələrdəndir.

Bu layihə  internetdə müxtəlif  keçidlərin ( linklərin (URL)) sosial  mediada gündəlik paylaşım statistikasını və həstəqlərin (açar sözlər) statistikalarını təqdim edir.
Yəni,  bu onlayn xidmət vasitəsilə paylaşımlarınızın sosial şəbəkələrdə nə qədər palaşdığının statistikasını və bununla bağlı analitik hesabat əldə edə bilirsiniz.  Bununla da siz  paylaşımlarınızın hansı soisal şəbəkədə daha çox populyar olmasını müəyyən edə bilərsiz.

Layihəyə ayrılan məbləğ: 20 min AZN

Layihə rəhbəri: Şaiq Muradov.

Qeyd edək ki, startapın hazırki fəaliyyəti, investisiya imkanları ilə bağlı rəsmi sorğumuza bu yazı dərc olunanadək cavab verilməyib.

Məlumatımıza görə, sayt fəaliyyət göstərsə də, yenilənmir.

1-ci qrant müsabiqəsində qalib gələn layihələrdən biri də Eticarət.az startapıdır.

Bu layihə məhsulların onlayn satışını nəzərdə tutur.

Layihə 1-ci qrant müsabiqəsində 20 min AZN qazanıb.

Saytdakı məlumatdan görünür ki, layihə demək olar fəaliyyət göstərmir.

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondudan verilən məlumata görə, layihə SUP.az və Khazar Venture şirkətinin rəhbəri Məmməd Kərimova məxsusdur. Bununla belə dəqiqləşdirdiyimiz məlumata görə, layihənin faktiki rəhbəri hazırda Code Academy-nin həmtəsisçilərindən olan Ülvi Aslanovundur.

Təəssüflər olsun ki, hər iki tərəf də bu yazı hazırlanan ərəfəyədək rəsmi sorğumuza cavab verməyib.

1-ci qrant müsabiqəsinin qalibləri arasında DoctorMap layihəsi də var.

Ən yaxşı həkim və tibb müəssisələrini bir xəritə üzərində toplayan layihə Fonddan 20 min AZN qrant qazanıb.

Layihənin rəhbəri: Fərid Fərhadov

Belə ki, bu layihənin başlıca məqsədi əhalinin sosial müdafiəsinin gücləndirilməsi – rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, informasiya-kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinə keçidin təmin edilməsidir.

DoctorMap öz abunəçilərinə layihə ilə əməkdaşlıq edən tibb və sağlamlıq müəssisələrində güzəştli xidmətlərdən faydalanmaq imkanı yaradır.

Startapın hazırki vəziyyəti barədə məlumat verən layihə rəhbəri Fərid Fərhadov Xeberler.az-a bildirib ki, DoctorMap ilk vaxtdan bu yana dəyişərək, inkişaf edib . Belə ki, layihədə bir neçə dəyişiklik edilib:

“Həmin vaxtdan indiyə qədər layihədə bir çox dəyişikliklər oldu. Düzdür, content eyni olaraq qalır. Amma bəzi əlavələr etdik. Belə ki, əvvəllər ən yaxşı həkimləri toplayıb, xəritə üzərindən göstərmək istəyirdik. Amma sonra bugünki tələbləri nəzərə alaraq layihəni inkişaf etdirdik. Artıq yalnız həkimlər yox, tibb müəssisələrini də xəritəyə əlavə etdik”.

Onun sözlərinə görə, Fonddan əldə etdikləri gəlir demək olar ki, layihənin ilkin mərhələ inkişafına çox yardım edib. Belə ki, onlar qrantdan əldə etdikləri maliyyə ilə layihənin ilkin mərhələsini hazırlaya bilib:

“ Bundan sonra layihəmiz üçün əlavə vəsait imkanları tapdıq və DoctorMap-in mobil əlavələrini hazırladıq. Qeyd edim ki, özümüz də bu işə maliyyə yatırdıq. Bunun nəticəsidir ki, layihənin həm App Store, həm də Play Store-da tətbiqini hazırladıq”.

Layihənin hazırda inkişaf edib, yeniləndiyini deyən Fərid Fərhadov hazırda saytdan daha çox mobil tətbiqlərlə işlədiklərini diqqətə çatırıb:

 “Saytımız fəaliyyət göstərsə də, indi əsas diqqəti mobil əlavələrə yönləndirmişik”.

O qeyd edib ki, yenidən İT Fonda müraciət etmək niyyətindədirlər.

Spinal Tech layihəsi də fondun 3-cü qrant müsabiqəsində qalib olaraq 14 min AZN qazanıb.

Layihə rəhbəri Fidan Rüstəmova Spinal-ın hazırki fəaliyyətindən danışarkən deyib ki,  Spinal Tech martın 10-dan İndiegogo “crowdfunding” platformasında öz kampaniyalarına başlayacaq.

Qeyd edək ki, İndiegogo startapın ilk istehsal və məhsul satışı üçün qlobal kampaniya platformasıdır. Yəni, buradan əldə edilən gəlirlə məhsulların hazırlanıb, bazara təqdim edilməsi təmin edilir.

2015-ci ildə ABŞ-da Microsoft-un İmagine Cup müsabiqəsinin dünya üzrə İnnovasiya kateqoriyasında 2-ci yerə sahib olan Spinal Tech komandası  Lia məhsulu üzərində işləyir. 

Fidan Rüstəmovanın sözlərinə  görə, komanda 2015-ci ilə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondudan qrant alıb, cihazın optimizasiyasına yönləndirib.

Onlar hazırda Hollandiyadakı HighTech XL akselerasiya proqramında iştirak edir.

Spinal Tech komandasında Fidan Rüstəmova da daxil olmaqla Arif Mövsümzadə,  Ülviyyə Rüstəmova, Anar Əliyev, Aleksey Cəfərov çalışır.

Onu da qeyd edək ki,  Spina Tech komandası bu yaxınlarda  Türkiyənin Antalya şəhərində keçirilən Startup Turkey-nin final mərhələsində iştirak edib.

Braille Pad  layihəsi də 3-cü qrant müsabiqəsində qalib olanlar arasındadır. Belə ki, bu layihəyə də Fond tərəfindən 15 min AZN ayrılıb.

Braille Pad görmə qabiliyyətini itirmiş şəxslər öz əlifbaları ilə - Braille əlifbası ilə istədikləri mətni sürətli və rahat şəkildə yaza, yazılan mətnləri oxuya bilmə imkanı verir.

Braille Pad ilə hədəf kütləsinə daxil olan insanlar bütün saytlara, o cümlədən sosial şəbəkələrə daxil ola, yazılan yazıları, xəbərləri və s. oxuya biləcək.  Bununla yanaşı şəxsi bloqlarını yarada, öz yazılarını və ya fikirlərini paylaşa, mesajlaşa biləcəklər.

Braille Pad-ın CEO və təsisçisi BethClip layihəsindən də tanıdığımız Rəşid Əliyevdir.

Öyrənirik ki, layihə artıq Rəşid Əliyevə məxsus deyil. Belə ki, layihə BrailleX  İT şirkəti tərəfindən satın alınıb.

Bu məlumatı Rəşid Əliyev Xeberler.az-a təsdiqləsə də, satınalma qiyməti barədə məlumat verilməyib.

Rəşid Əliyev qeyd edib ki, qrant müsabiqəsindən əldə etdiyi gəlirlə layihəsini o qədər inkişaf etdirə bilməyib. Onun sözlərinə görə, məhsulun hazırlanması üçün bu büdcə kifayət etməyib:

“Əslində, Fonddan 60 min AZN gözləyirdik. Amma nəticədə  15 min AZN ala bildik. Bizim layihənin tələb edilən büdcəsi 160 min idi. Qrant vəsaiti verildikdən sonra manatın məzənnəsində də dəyişiklik oldu. Dollar qalxdı. İşlərmizin çoxunu dollar ilə görürdük. Ona görə bu vəsaiti dollar çevirəndə bizə çox az pul qaldı. Həmçinin layihənin vergi və patent məsələsi də müəyyən ödənişlər tələb etdi. Ona görə də layihəni tam başa çatdıra bilmədik. Bununla yanaşı, başqa bir yerdən investisiya gözləyirdik. Oradan da ödəniş ala bilmədiyimiz üçün işlərimiz istədiyimiz kimi getmədi”.

Bu kimi  layihələr üçün Fondun ayırdığı qrant məbləğinin çox az olduğunu deyən Rəşid Əliyev güzəştli kreditlərə və yenidən qrant müsabiqəsinə müraciət etmək niyyətində olmadığını bildirib:

“Güzəştli kreditlər iş gömək o qədər də düzgün seçim deyil. Bu, yalnız müəyyən inkişaf mərhələsinə gəlmiş şirkətlər üçün faydalı olar”.

Rəşid Əliyev həmçinin onu da qeyd edib ki, Fond qrant verilməsini də gecikdiriyi üçün onlar işlərini sistemli edə bilməyiblər.

Qeyd edək ki, qrant müsabiqələrində qalib layihələrinin bir neçəsinə ( Shopera.az- Rəşad Camal, 3İ - Elnur Əliyev; MY Baku-Ürfət Abbaslı, MobChannel –Vaqif Abbasov, SocialTrends-Elşad Yusifli  və digərlərinə) də rəsmi sorğu göndərmişik.

Növbəti yazılarımızda bu layihələrə də yer ayıracağıq.

Apple məşhur tətbiqi satın alır

Apple musiqi tanıma tətbiqi  Shazam-ı satın alır.

Xeberler.az xarici mediada yayımlanan məlumata istinadən bildirir ki,...

11 Dec 2017
2017-ci ildə batan startaplar-Siyahı

 

Bəzi startaplar çox böyük miqdarda investisiya alsa da, 2017-ci il onlar üçün uğrlu olmadı. Belə ki, həmin startaplar bu il...

11 Dec 2017